Tbilisidə gənclər Türkiyə səfirliyinin qarşısına toplandılar – VİDEO

Gürcüstan Azərbaycanlıları Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra həmrəylik nümayiş etdirmək və təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsinə hörmət məqsədilə Türkiyənin Tbilisidəki səfirliyi qarşısında toplanaraq, gül dəstələri düzüblər.

Alyans Gənclər mərkəzinin təşəbbüsü ilə təşkilatın idarə heyətinin üzvləri, müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr, eləcə də ictimaiyyət nümayəndələri səfirliyin binası qarşısında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbayla görüşüblər. Səfirlə söhbət zamanı  zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət yaralılara isə şəfa diləkləri çatdırılıb. Gürcüstan Azərbaycanlıları tərəfindən də zərərçəkənlərə dəstək məqsədilə müxtəlif yardım kompanyalarına başlanıldığı qeyd olunub.

Məlumat üçün onu da bildirək ki, baş verən təbii fəlakətlə əlaqədar Türkiyədə bir həftə matəm elan edilib. Digər ölkələrdə olduğu kimi Gürcüstandakı Türkiyə səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya endirilib.