ABŞ səfiri: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara riayət etməməsinə dair heç bir sübut yoxdur
Bizdə Gürcüstanın Rusiyaya qarşı sanksiyalara riayət etməməsinə dair heç bir sübut yoxdur.
Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan yerli mətbuata müsahibəsində deyib. Bununla belə, səfir qeyd edib ki, indi ölkələrin sərhədlərinə nəhəng karqo axını var və heç kəs gömrük keçidlərinə 100 faiz nəzarət edə bildiyini deyə bilməz.
Diplomat Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına dair suala cavabında bildirib ki, Vaşinqton heç vaxt Gürcüstana müharibəyə daxil olması üçün təzyiq göstərməyib.
Əlavə edib ki, Gürcüstan Ukraynadakı müharibə ilə bağlı özünə uyğun olan mövqeyi tutub və ABŞ Gürcüstanın olduğu həssas vəziyyəti, ərazilərinin 20 faizinin işğal edildiyini anlayır.
Kelli Deqnan, ABŞ-ın Rusiyaya birtərəfli sanksiyalar tətbiq etməsi üçün Gürcüstana təzyiq etmədiyini də vurğulayıb.