Türkiyədə yenidən güclü zəlzələ olub, 6 nəfər ölüb, 294 nəfər yaralanıb – VİDEO
Türkiyənin Hatay vilayətinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.
Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
Zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Bu barədə məlumatı “Hurriyet” nəşri yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.