Azərbaycan təşkilatları və TİKA Gürcüstanda birgə layihələr həyata keçirəcək
Gürcüstanda səfərdə olan Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Şəfəq Binnətova Tbilisidə TİKA-nın Gürcüstan Nümayəndəliyində olublar.
Əkrəm Abdullayev fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfalar diləyib.
Görüşdə ADDF-nin Gürcüstanda dəstəklədiyi layihələr, “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, gələcəkdə TİKA-nın Tbilisi nümayəndəliyi ilə azərbaycanlıların və ahıska türklərinin yığcam yaşadıqları regionlarda birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Müzakirədə həmin layihələrin Gürcüstanda yaşayan azərbaycanlıların və ahıska türklərinin həyat səviyyəsinin inkişafına xidmət edəcəyi bildirilib.
TİKA-nın Tbilisi nümayəndəliyinin müdiri Tuba Özütok birgə layihələrin perspektivlərini yüksək dəyərləndirib. O, Gürcüstandakı “Azərbaycan Evi”ndəki şəraitə görə, Azərbaycan dövlətinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və ADDF-yə təşəkkürünü bildirib.
Qeyd edib ki, “Azərbaycan Evi” bütün layihələrin öhdəsindən layiqincə gəlir.
Şəfəq Binnətova azərbaycanlı və türkiyəli qadın iş adamlarının da birgə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib.
Ə.Abdullayev vurğulayıb ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evləri, eyni zamanda, qardaş Türkiyənin evləri kimi fəaliyyət göstərir və bundan sonra da belə olacaq.