Stoltenberq: Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır

“Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır”. Bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə açıqlaması zamanı deyib.

“Gürcüstan NATO-nun yaxın tərəfdaşlarından biridir. Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmət etməyə və tanımağa çağırırq”, – Stoltenberq vurğulayıb.

O deyib ki, bugün Baş nazir Qaribaşvili ilə görüşdə NATO və Gürcüstan arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunacaq.

“Gürcüstan NATO-nun siyasi və praktiki dəstəyinə güvənə bilər. Biz Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya istəyini qiymətləndiririk. Gürcü xalqı çiçəklənən, demokratik və Avro-Atlantik məkana inteqrasiya olunmuş br ölkə istəyir. Biz bu istəklərin yerinə yetirilməsində sizə dəstək verəcəyik”.

Stoltenberq əlavə edib ki, o, Gürcüstan Baş naziri ilə Ukraynadakı vəziyyəti də müzakirə edəcək.

Gürcüstanın Baş naziri Qaribaşvili çıxışında bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdiddir.

“Bu müharibə həm Avropa üçün, həm Gürcüstan üçün, həm də regionumuz üçün çətinliklər yaradıb”.