Baş nazir Stoltenberqlə NATO-Gürcüstan tərəfdaşlığını müzakirə edib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Görüşdə tərəflər Gürcüstanın Avro-Atlantik inteqrasiya dinamikası və ikitərəfli əməkdaşlığın gündəliyindən danışıblar.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Söhbət zamanı regiondakı çətin təhlükəsizlik mühitinə və Ukraynada davam edən müharibəyə də toxunulub. Alyansın baş katibi NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini qeyd edib.
Gürcüstanın baş naziri vurğulayıb ki, NATO-Gürcüstan əməkdaşlığı əsas prioritetlərdən biridir.
Görüşdə NATO-nun qarşıdan gələn Vilnüs sammiti müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, Gürcüstan NATO-ya üzv olmaq istəyən ölkə kimi həmişə alyansın ən etibarlı və bacarıqlı tərəfdaşlarından biri olub və ümumi Avro-Atlantik təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verib. Həmçinin qeyd olunub ki, müttəfiqlərin köməyi və dəstəyi ilə Gürcüstan müdafiə qabiliyyətini xeyli inkişaf etdirib.
Tərəflər Qara dənizin təhlükəsizliyinin vacibliyindən və bu baxımdan Gürcüstanın rolundan danışıblar.