Aİ Gürcüstanın Rusiya ilə birbaşa uçuşları bərpa etməsini tənqid edib

Avropa İttifaqı (Aİ) Gürcüstanın Rusiya ilə birbaşa uçuşları bərpa etməsini tənqid edib.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano keçirdiyi brifinqdə müvafiq qərarın təəssüf doğurduğunu və narahatlıqlara səbəb olduğunu deyib. O, əlavə edib ki, ötən ildən bəri Gürcüstanın Aİ-nin xarici siyasət və təhlükəsizlik qərarları ilə bağlı uyğunluğu 31 faizədək azalıb:

“Biz ötən həftə Rusiyanın hava səyahətləri qadağasını ləğv etməsinin ardınca Gürcüstanın Rusiyaya və Rusiyadan olan uçuşları davam etdirmək qərarı qəbul etməsinə təəssüf edirik. Ukraynaya qarşı Rusiyanın qanunsuz müharibəsinə görə Aİ və bir sıra digər ölkələr Rusiyanın aviasiya sektoruna sanksiyalar tətbiq edib. Biz və tərəfdaşlarımız Rusiyaya, Rusiyadan və Rusiya vasitəsilə olan uçuşlara icazə vermirik. Ona görə də bunu yaddan çıxarmamaq çox vacibdir. Gürcüstan rəsmilərinin bu son qərarı Gürcüstanın Avropa yolu, həmçinin Aİ-Gürcüstan Assosiasiya Razılaşmasında qeyd edilmiş Gürcüstanın xarici siyasətində Aİ ilə uyğunlaşmaq öhdəliyi baxımından narahatlığa səbəb olur. Təəssüf ki, Gürcüstanın Aİ-nin xarici və təhlükəsizlik siyasəti qərarları və bəyanatları ilə uyğunluğu ötən ilki 44 faizdən bu il 31 faizə düşüb. Beləliklə bu narahatlığa səbəb olur və çox təəssüf doğurur”, – o deyib.