Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib – VİDEO
İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.
Mərasimdə 78 ölkədən dövlət və hökumət rəhbərləri iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.
Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib. Rəcəb Tayyib Ərdoğan çıxış edərək, yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib.
Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd edib. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirib.
Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğulayıb.
Mərasimdə sonra “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.