KİV: Ermənistan və Gürcüstan da daxil olmaqla 5 ölkə Rusiyaya sanksiyalardan yayınmağa yardım edir
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O’Brayn Rusiyanın Ukraynada müharibəni davam etdirməsi üçün ehtiyac duyduğu elektronikanın idxalını post-sovet ölkələrinin yardımı ilə işğaldan əvvəlki səviyyəyə çatdırdığını bildirib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
“Bu ilin əvvəlindən Rusiya müəyyən əsas kateqoriyalı elektronikanın təkrar idxalını təxminən müharibədən əvvəlki səviyyəyə çatdıra bilib”, – O’Brayn deyib.
O, əlavə edib ki, problem Avropa şirkətlərinin həmin məhsulları başqa ölkələrə satmasından, Rusiyanın da sanksiyalardan yayınaraq çipləri, prosessorları və digər elektronik vasitələri məhz həmin üçüncü ölkələrdən əldə etməsindən qaynaqlanır. O, Rusiyanın sanksiyalardan yayınmasının ciddi problem olaraq qaldığını bildirib.
O’Brayn ABŞ-ın Rusiyaya sanksiyalardan yayınmağa yardım edən beş ölkəni müəyyən etdiyini, bunların Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri olduğunu qeyd edib.