Qaribaşvili Olaf Şoltsla görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili işgüzar səfəri çərçivəsində Berlində Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb.

Bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Görüşdə İrakli Qaribaşvili Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, həyata keçirilən islahatlar və Avropa Komissiyasının 12 tövsiyəsinin həyata keçirilməsində mühüm irəliləyişlər barədə Olaf Şoltsa məlumat verib. Baş nazir Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinin vacibliyindən də danışıb.

İclasda baş nazir həmçinin qeyd edib ki, Gürcüstan üçün üzv dövlətlərin həm siyasi, həm də praktiki dəstəyi ölkənin Avropa İttifaqına üzvlüyünün növbəti mərhələsi üçün kritik əhəmiyyət kəsb edir.

Hökumət başçısının sözlərinə görə, federal kansler Gürcüstanın Avropaya inteqrasiyasını həmişə açıq şəkildə dəstəkləyir və buna görə İrakli Qaribaşvili Olaf Şoltsa təşəkkür edib.

Görüşdə iki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətləri də vurğulanıb.

Tərəflər regionda və dünyada təhlükəsizlik mühitindən danışıblar. Söhbət zamanı Gürcüstanın Avroatlantik məkana inteqrasiyası və son illərdə əldə olunan irəliləyişlərə də toxunulub.