Qaribaşvili Brüsseldə Şarl Mişellə görüşüb – FOTO

Baş nazir İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Qeyd edilib ki, görüşdə Avropa Komissiyasının Tbilisiyə təqdim etdiyi 12 tövsiyənin yerinə yetirilməsi ilə bağlı irəliləyişlər müzakirə olunub. Görüş zamanı liderlər ölkənin Avropa perspektivinin tanınmasının tarixi qərar olduğunu qeyd edərək, ilin sonunda namizəd statusunun verilməsinin Gürcüstan üçün, ölkədə qütbləşmənin sona çatması üçün kritik əhəmiyyət kəsb edəcəyini vurğulayıblar.

Tərəflər söhbət zamanı regional təhlükəsizlik mühitinə, Gürcüstanın işğal olunmuş ərazilərindəki mürəkkəb təhlükəsizlik və humanitar vəziyyətə də xüsusi diqqət yetiriblər. Həmçinin Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolu vurğulanıb.

Baş nazir İrakli Qaribaşvili hazırkı vəziyyətdə sülh və təhlükəsizliyin təşviqi, nəqliyyat, enerji əlaqələrinin dərinləşdirilməsi baxımından Aİ-nin regionda iştirakının vacibliyini vurğulayıb.