Aziz Sancara “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycanın medalı təqdim edilib
Aziz Sancara “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və Azərbaycana həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi keçirilib.
Komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.
Sonra komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.
Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, – Aziz Sancar çıxışında söyləyib.