İlham Əliyev və İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.