Baş nazir ABŞ-ın yeni təyin etdiyi səfirlə görüşüb – FOTO
Baş nazir İrakli Qaribaşvili Amerika Birləşmiş Ştatlarının Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan ilə görüşüb.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, İrakli Qaribaşvili Robin Danniqanı Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıq müzakirə edilib, cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkələr arasında çoxşaxəli strateji tərəfdaşlığı gücləndirmək və genişləndirmək istəyi ifadə olunub. Görüşdə diqqət dünyada baş verən cari proseslərə və təhlükəsizlik baxımından mövcud çağırışlara yönəldilib. Regional təhlükəsizlik məsələlərindən danışan İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda sülhün və sabitliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırdır.
İrakli Qaribaşvili Robin Danniqanla Gürcüstan hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biri – Aİ-yə namizəd statusunun alınmasının vacibliyi barədə danışıb. Baş nazir Gürcüstanın apardığı islahatlar və Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi məqsədilə edilən dəyişikliklər barədə məlumatı səfirlə bölüşüb.
Hökumət başçısı Gürcüstanın həyata keçirdiyi islahatların layiqincə tanınacağına ümid etdiyini bildirib. Baş nazir ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyə görə yeni təyin olunmuş səfirə təşəkkür edib.