Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub – FOTO

Noyabrın 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması məmnunluqla vurğulanıb.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin Xankəndi və Xocalı şəhərlərində Azərbaycan Bayrağını ucaltması münasibətilə təbrik edib.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün ölkələr və xalqlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olunub.

Görüşdə ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.