Savalan Mirzəyev Qardabani-Vaxtanqisi yolu, eləcə də Nəzərli, Kosalı, Vaxtanqisi kəndlərinin su təchizatı ilə bağlı Nazirə sual ünvanlayıb
Parlament deputatı Savalan Mirzəyev “Nazir saatı” formatı çərçivəsində çıxış edən regional inkişaf və infrastruktur naziri İrakli Karseladzeyə Qardabani-Vaxtanqisi yolunun mövcud vəziyyəti, eləcə də Nəzərli, Kosalı və Vatanqisi kəndlərinin su təchizatı layihəsi barədə sual ünvanlayıb.
“Həmkarlarımı, cənab naziri salamlayıram. Geniş və maraqlı təqdimat üçün sizə təşəkkür edirəm. İlk növbədə “yenilənmiş regionlar” adlanan layihə üçün sizə təşəkkür edirəm. Bu layihə artıq Qarabanidə tamamlanmaq üzrədir və layihə çərçivəsində bələdiyyəmiz çox gözəlləşdi. Həmçinin, əsrin layisə adlanan layihəni qeyd etməsəm olmaz. Layihə çərçivəsində Qardabaninin 5 kəndinin 24 saatlıq su ilə təmin edilməsi baş tutacaq. Həmçinin, Kosalı-Nəzərli-Vaxtanqisi kəndlərinin su ilə təchiz olunması layihəsi başladılır. Bilirik ki, problemlər çoxdur, lakin bu problemlərin aradan qaldırılması istiqamətində də müvafiq işlər aparılır. Həmçinin bir problemi diqqətinizə çatdırmaq istərdim. Dövlət əhəmiyyətli Qardabani-Vaxtanqisi yolu qəzalı vəziyyətdədir. Sözügedən yolun təmiri istiqamətində İnfrastruktur Nazirliyi bərpa işlərinə başlamağı planlayırmı? Həmçinin, Nəzərli-Kosalı-Vaxtanqisinin su xəttinin çəkilməsi layihəsinin hansı tarixdə başlayacağı barədə məlumat verərdiniz.”, – deyə Savalan Mirzəyev diqqətə çatdırıb.
Nazir isə cavabında qeyd edib ki, Qardabani-Vaxtanqisi avtomobil yolu ilə bağlı layihə hazırdır və 2024-cü ilin planında gerçəkləşdirilməsi nəzərdə tutulib. Nəzərli-Kosalı-Vaxtanqisinin su təchizat məsələsində isə layihələndirmə işləri 2024-cü ildə sona çatacaq və bundan sonra işlərin icrasına başlanılacaq. Tikinti-inşaat işlərinin isə 36 ay davam edəcəyi gözlənilir.