Hacı Ramin İgidovun səlahiyyət müddəti başa çatır

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bu ilin sonunda keçiriləcək şeyx seçkilərində iştirak etməyəcək. O, bu barədə 1 noyabr tarixində Tbilisidə keçirlən Qurani-Kərim mövzusunda konfransın sonunda iştirakçılara bildirib.

İgidov qeyd edib ki, bu il sonunda onun səlahiyyət müddəti başa çatır və növbəti dəfə seçkilərdə iştirak etməyəcək.

“Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən yeni şeyx seçkisi olacaq. Şeyxi savadlı ruhanilərdən ibarət Ali Dini Şuranın üzvləri seçəcək. Mən isə bu seçkidə namizəd olaraq iştirak etməyəcəm. Bu müddət ərzində üzərimdə bir vəzifə deyil, ağır bir məsuliyyət olduğunu düşünmüşəm. Ona görə də onun öhdəsindən layiqincə gəlməyə çalışdım və xidmət göstərdim. Bundan sonra da Allahın dini yolunda xidmət göstərməkdə davam edəcəyəm. Bu yolda yorulmağa haqqımız yoxdur. Ümid edirəm ki, yeni seçiləcək şeyx daha da gözəl şəkildə ölkəmizdə dinimizə və xalqımıza xidmət edəcək. Bu müddət ərzində dinimizin təbliğində bizə dəstək olanlara və ruhani qardaşlarımıza minnətdarlığmı bildirirəm”. – deyə şeyx vurğulayıb.

Məlumat üçün bildirək ki, 2013-cü ilin dekabr ayından Gürcüstan Müsəlmanları İdarəsinin şeyxlik məsuliyyətini icra edən Ramin Rəşid oğlu İgidov 1980-ci ildə Qardabani şəhərində doğulub. O Azərbaycanda Dini təhsilini bitirdikdən sonra 2000-ci ildən Tbilisidə dini təlim və təbliğ işləri ilə məşğul olub. Gürcüstanda fəaliyyət göstərən İmam Əli adına mədrəsənin müdiri vəzifəsində çalışıb. Tiflisdə nəşr olunan İman qəzetinin və bir çox nəşrlərin redaktoru olub. R.İgidov bir neçə kitab müəllifi və tərcüməçisidir.