Növrəstə Məhərrəmqızı: Ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli mənəvi dəyərimizdir

Ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli mənəvi dəyərimizdir.

Bu sözləri RealNews-a verdiyi müsahibəsində bildirən filoloq Növrəstə Məhərrəmqızı, son vaxtlarda Ana dilimizə qarşı diqqətsizliyin artmasından narahat olduğunu bildirir:

“Hər bir xalqın ana dili onun tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, özünəməxsusluğunu, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir!”.

Ana dilimizə diqqət göstərmək isə hər birimizin borcumuz və vəzifəmizdir.

Bu gün təəssüflər olsun ki, dilimizə qarşı diqqətsizlik tədricən artmağa başlayıb. Belə ki, ictimai yerlərdə yerləşdirilmiş reklam lövhələrində, eləcə də sosial şəbəkələrdə və bəzən yazılı mətbuatda Azərbaycan dilində sözlərin belə düzgün yazılmadığının, bir sıra orfoqrafik, qrammatik səhvlərin buraxıldığının şahidi oluruq.  

Həmin səhvlərin bilərəkdən buraxıldığını düşünmürəm. Bəlkə də düşünmək istəmirəm. Ancaq, istənilən halda təkrar oxuduqda buraxılmış səhvləri görməmək mümkün deyil. Onu düzəltməmək isə ana dilimizə edilmiş hörmətsizlikdir.

Ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli mənəvi dəyərimizdir.” – deyə Növrəstə Məhərrəmqızı bildirib.