Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər
Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, görüşdən əvvəl Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.
Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib.
Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb.
Görüşdə Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.