Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən regional konfransda iştirak edib

Tbilisidə Şərq Tərəfdaşlığı (ŞT) regionunda Dayanıqlı İstilik və Enerji Səmərəliliyi üzrə Regional Konfransı keçirilib.

Konfransda ŞT-nin Milli Enerji Tənzimləmə Orqanları, müvafiq nazirliklər və rayon istilik orqanları/ şirkətlərinin enerji sektorunda maraqlı tərəflərinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, konfransın keçirilməsində məqsəd 5 Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) davamlı isitmə və soyutma üzrə potensialını artırmaqdır. İki gün davam edən tədbir çərçivəsində interaktiv seminar keçirilib.

Seminarda ölkələrin hazırladığı strategiyalar, fəaliyyət planları, texniki və maliyyə modernləşdirilməsi, bərpa olunan mənbələrdən istifadənin və enerji səmərəliliyinin artırılması, iqlim məqsədlərinə və davamlılığa töhfə vermək, təcrübə, problemlər və imkanların mübadiləsi məsələləri müzakirə olunub.

Bundan əlavə, iştirakçılar avropalı ekspertlərdən prioritetlər, siyasət və tənzimləmə yenilikləri, eləcə də, istilik və soyutma sektorunda enerji keçidi və iqlim məqsədlərinə nail olunmasına töhfə vermək üçün Avropada yanaşmalar və təcrübələr haqqında məlumat alıblar.

Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan istilik təchizatı, enerji səmərəliliyinin artırılması və digər sahələrdə həyata keçirilən islahatlar, qəbul edilmiş dövlət proqramları barədə məlumat veriblər.