Müdafiə Nazirliyi ABŞ-ın hərbi təlimləri təxirə salması ilə bağlı qərarına münasibət bildirib
“ABŞ Müdafiə Nazirliyinin “Layiqli tərəfdaş 2024” çoxmillətli təliminin qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı verdiyi açıqlamadan təəssüflənirik”.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyi ABŞ Müdafiə Departamentinin Gürcüstanda hər il keçirdiyi “Layiqli tərəfdaş” hərbi təlimini qeyri-müəyyən müddətə təxirə salmasına münasibət bildirərkən qeyd edib.
Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir: “Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında müdafiə sahəsində tərəfdaşlıq onilliklər ərzində qurulub və ölkələrimizin ümumi maraq və məqsədlərinə əsaslanır. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin “Layiqli Tərəfdaş 2024” çoxmillətli təliminin qeyri-müəyyən müddətə təxirə salınması ilə bağlı verdiyi açıqlamadan təəssüflənirik.
Beynəlxalq təlimlər, o cümlədən “Layiqli tərəfdaş 2024” həm Gürcüstan, həm Amerika Birləşmiş Ştatları, həm də orada iştirak edən tərəfdaş ölkələr üçün faydalıdır, çünki bu təlimlər müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi personalın bacarıqlarının inkişafına, peşəkarlığın artırılmasına və qarşılıqlı fəaliyyətin artırılmasına töhfə verir. ABŞ Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatlarına malikdir. Təlimin təxirə salınmasına baxmayaraq, yuxarıda qeyd olunan formatlar, o cümlədən “Agile Spirit 2025” çoxmillətli təliminə hazırlıq davam edir”.
Məlumat üçün onu da bildirək ki, ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə keçirilən “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb.