Avtomobilin Kür çayına düşməsinə səbəb olan 2002-ci il təvəllüdlü sürücü saxlanılıb – RƏSMİ

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, Tbilisidə, Kür çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən sürücü – 2002-ci il təvəllüdlü İ.S. saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, İ.S. ona məxsus avtomobili idarə edərkən digər bir avtomobil üçün qəza vəziyyəti yaradıb. Nəticədə həmin avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və maşın Kür çayına aşıb.

Yanğınsöndürən-xilasedicilər dərhal müdaxilə edərək avtomobildə olan şəxslərdən birini sudan sağ çıxarıblar. Avtomobildə olan digər sərnişinlərin xilas edilməsi üçün isə hazırda fasiləsiz şəkildə axtarış-xilasedici tədbirlər davam etdirilir. Bu əməliyyatlara yanğınsöndürən-xilasedicilərlə yanaşı dalğıclar qrupu və bütün aidiyyəti xüsusi xilasetmə texnikası cəlb olunub.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.

Bizi WhatsApp – da izləyin.