Bu tarixdən şəxsiyyət vəsiqələrində barmaq izi də olacaq – RƏSMİ

Ədliyyə Nazirliyinin 10 mart tarixili yeni dizaynlı şəxsiyyət vəsiqələri və pasportların verilməsi barədə qəbul etdiyi qərar avqustun 1-dən qüvvəyə minəcək.

Nazirliyin qərarına əsasən, avqustun 1-dən yeni dizaynda olan elektron şəxsiyyət vəsiqələri, biometrik pasportlar, diplomatik və xidməti pasportlar, həmçinin müvəqqəti və daimi yaşayış üçün elektron vəsiqələr istifadəyə veriləcək.

Yeni şəxsiyyət vəsiqələrində QR kod və sahibin barmaq izi də olacaq. Bu vasitələrlə sənəd və ya sahib haqqında məlumatlar daha rahat yoxlanıla biləcək. Əvvəllər verilmiş köhnə sənədlər isə qanunvericilikdə nəzərdə tutulan müddətə qədər qüvvədə qalacaq.

Yeni dizaynlı biometrik pasportlarda sahibin adı, soyadı, vətəndaşlığı, doğum tarixi, şəxsi nömrəsi, fotoşəkili, cinsi, doğum yeri, imza nümunəsi və digər vacib məlumatlar yer alacaq.

Xatırladaq ki, bu barədə dəyişiklik əvvəlcə iyunun 4-də qüvvəyə minməli olsa da, nazirlik müddəti avqustun 1-dək uzadıb.

Bizi WhatsApp – da izləyin.