DİQQƏT! Qanunda dəyişikliyə əsasən bu hallarda 60 gün həbs edilə bilərsiz
Oktyabrın 17-dən etibarən Gürcüstan Parlamentinin təsdiq etdiyi qanunvericilik dəyişiklikləri qüvvəyə minib.
Qanunun yeni redaksiyasına əsasən, aşağıdakı hallarda – yığıncaq və ya mitinq zamanı 60 günədək inzibati həbs tətbiq ediləcək:
- Atəşli və/və ya soyuq silahın, partlayıcı, asan alışan, radioaktiv maddələrin və ya pirotexniki vasitələrin saxlanması;
- Qadağan olunmuş əşyanın və ya maddənin saxlanması;
- Gürcüstan qanunvericiliyinə əsasən, Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmış yığıncaqda iştirak edilməsi.
Yığıncaq iştirakçılarına 15 günədək, təşkilatçılara isə 20 günədək inzibati həbs tətbiq ediləcək:
- Üzün maska və ya digər vasitə ilə gizlədilməsi;
- Qazlı və/və ya zəhərləyici maddələrin saxlanması;
- Yolda hərəkətin süni şəkildə dayandırılması, əgər bu, iştirakçıların sayına görə zəruri deyilsə;
- Təhlükə yaradan və ya yığıncağın və/və ya polis tərəfindən ictimai qaydanın və təhlükəsizliyin qorunmasına mane olan müvəqqəti konstruksiyaların quraşdırılması.
Sadalanan hərəkətləri törədən şəxsə ilk dəfə cinayət məsuliyyəti deyil, inzibati həbs tətbiq edilə bilər. Lakin bu hərəkətlər 1 il ərzində təkrar (yəni eyni şəxsin ikinci dəfə törətməsi) baş verərsə, cinayət məsuliyyəti nəzərdə tutulur və bu halda 1 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Eyni əməl bir neçə dəfə təkrarlandıqda isə cəza 2 ilədək azadlıqdan məhrumetmə olacaq.
Bundan əlavə, polisə qarşı itaətsizlik və/və ya polis əməkdaşına təhqir üçüncü və ya daha çox dəfə təkrarlanarsa, bu da cinayət məsuliyyəti yaradır. Belə hallarda 1 ilədək, təkrar törədildikdə isə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bir daha mitinq iştirakçılarını və təşkilatçılarını çağırırıq ki, etirazlarını “Yığıncaqlar və mitinqlər haqqında” Gürcüstan Qanununda müəyyən edilmiş tələblərə uyğun şəkildə ifadə etsinlər, qanunsuz hərəkətlərə yol verməsinlər və yolları süni şəkildə bağlamasınlar.
Əks halda, Daxili İşlər Nazirliyi qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edəcək, bütün qanun pozucularını müəyyənləşdirəcək və onlara qarşı qanunla nəzərdə tutulan müvafiq tədbirlər görəcək.