Elmuraz Məmmədovun sifarişi ilə Qabal kəndində qətl törətməli olan 18 yaşlı şəxs saxlanılıb – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində sifarişlə adam öldürmənin qarşısı alınıb – 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

Məlumata görə, Kaxeti polis departamentində kompleks şəkildə aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədovun sifarişi və tapşırığı ilə Laqodexi bələdiyyəsinin Qabal kəndində yaşayan bir şəxsi öldürməli idi. Hadisənin motivi ondan ibarət olub ki, həmin şəxs Elmuraz Məmmədova hədə-qorxu yolu ilə tələb olunan 200 000 ABŞ dollarını ödəməkdən imtina edib.

Təqsirləndirilən şəxs cinayəti həyata keçirə bilməyib və hüquq-mühafizə orqanları tərəfindən sifarişli qətlin hazırlanması, həmçinin odlu silahın və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlanılıb.

Onun şəxsi axtarışı zamanı “Makarov” sistemli tapança, daraq və içərisində yerləşən güllələr aşkarlanıb. Saxlanılan şəxs cinayəti etiraf edib. Bundan əlavə, onun cinayətə iştirakını təsdiq edən sübutlar gizli istintaq hərəkətləri, ona məxsus mobil telefonun baxışı və digər dəlillər əsasında əldə olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-109 və 236-cı maddələri üzrə aparılır.

Saxlanılan şəxs və kriminal avtoritet Elmuraz Məmmədovla cinayət əlaqəsində olan digər şəxslərin müəyyənləşdirilməsi, eləcə də onların törətmiş ola biləcəkləri digər cinayətlərin aşkar olunması məqsədilə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Eyni zamanda, ictimaiyyətə xatırladırıq ki, kriminal avtoritet Elmuraz Məmmədov barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Son aylarda o, müxtəlif işlər üzrə, o cümlədən cari ilin yayında Laqodexi bələdiyyəsində törədilmiş sifarişli qətl faktına görə, qiyabi qaydada bir neçə dəfə ittiham olunub.

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov hal-hazırda xaricdə gizlənir. Hüquq-mühafizə orqanları onun saxlanılması və ədalət məhkəməsi qarşısına çıxarılması üçün intensiv rejimdə işləyirlər. Bu məqsədlə bütün zəruri istintaq, prosessual və əməliyyat tədbirləri həyata keçirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi hər gün təşkilatlanmış cinayətkarlığa qarşı barışmaz mübarizəni davam etdirir və bu məqsədlə müvafiq tədbirləri, o cümlədən preventiv xarakterli addımları həyata keçirir.

Bizi WhatsApp – da izləyin.