Polşada qanuni olaraq neçə Gürcüstan vətəndaşı işləyir? – STATİSTİKA
2025-ci il 1 dekabr tarixindən etibarən Gürcüstan vətəndaşları üçün Polşada sadələşdirilmiş qaydada iş vizasının alınması ləğv olunur.
Polşada qüvvədə olan qanunvericiliyə əsasən, Gürcüstan vətəndaşları minimal bürokratik prosedurla Polşada işləyə bilirdilər.
2024-cü ilin statistikasına görə, Polşada Gürcüstan vətəndaşlarına 76 671 iş icazəsi verilib. Bu rəqəmlərdən görünür ki, bəzi şəxslər il ərzində müxtəlif təşkilatlarda işləyib və bir neçə dəfə icazə alıblar.
Ümumilikdə, 2024-cü ildə 6 560 işəgötürən/təşkilat qeydə alınıb ki, onlar 47 086 Gürcüstan vətəndaşını işlə təmin ediblər.
Polşada Gürcüstan vətəndaşlarının məşğulluğu üçün sadələşdirilmiş prosedur 2015-ci ildə təsdiqlənib. Həmin vaxt Polşanın Əmək və Sosial Siyasət Nazirinin sərəncamı ilə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları üçün iş vizasının alınması üzrə sadələşdirilmiş mexanizm yaradılmışdı. Bu mexanizm Gürcüstan istisna olmaqla bütün ölkələr üçün qüvvədə qalıb.
Xatırladaq ki, yeni qaydaların qüvvəyə minməsindən sonra Gürcüstan vətəndaşları Polşaya işləmək üçün getmək istəyərkən standart vizaya müraciət prosedurunu keçməli olacaqlar.
Bizi WhatsApp – da izləyin.