Azərbaycandan Gürcüstana daşınan yüklərin “bloklanması” ilə bağlı xəbərlər yalandır – BƏYANAT
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gürcüstan və Azərbaycanın bəzi media vasitələrində yayılan, Azərbaycandan Gürcüstana daşınan yüklərin (o cümlədən tütün məmulatlarının) guya “bloklanması” ilə bağlı xəbərləri növbəti dezinformasiya adlandırıb.
Gəlirlər Xidmətinin yaydığı bəyanatda bildirir ki, bu məlumat tamamilə yalandır və cəmiyyəti çaşdırmağa xidmət edir.
“Qeyd edirik ki, yükdaşımaların artdığı şəraitdə beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinə dair bütün gömrük prosedurları gücləndirilmiş rejimdə həyata keçirilir ki, yüklərin sərbəst və fasiləsiz şəkildə buraxılması təmin olunsun.
Bununla yanaşı, Gürcüstanın bütün gömrük-keçid məntəqələrində, o cümlədən “Qırmızı Körpü” keçid məntəqəsində gömrük əməkdaşları 24 saat rejimində tam hazır vəziyyətdədir və həm fiziki şəxslərin, həm də yüngül və sərnişin avtomobillərinin yoxlama prosedurlarını operativ şəkildə həyata keçirirlər.
Beynəlxalq yükdaşımaların davamlılığını təmin etmək məqsədilə, keçid məntəqələrinin birgə idarəçiliyi çərçivəsində Gəlirlər Xidməti Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük qurumları ilə davamlı əlaqədədir və mövcud çətinliklərin sürətli həlli üçün iş aparılır.
Bir daha vurğulayırıq ki, beynəlxalq sanksiyalar tətbiq edilən andan etibarən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti ölkəyə idxal olunan malların yenidən ixrac proseslərini də ciddi şəkildə nəzarətdə saxlayır ki, Rusiya və ya Belarus mənşəli malların sanksiyalarda iştirak edən ölkələrə və ya əks istiqamətdə daşınmasının qarşısı alınsın. Dövlət sərhədinin qorunması çərçivəsində gömrük administrasiyasında mövcud risk profillərindən istifadə edilməklə tranzit yüklərə, habelə fiziki şəxslərə və şirkətlərə xüsusi diqqət göstərilir.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirir ki, gömrük nəzarəti prosedurları ciddi monitorinq altındadır və bu proses gələcəkdə də davam etdiriləcək.” – deyə rəsmi bəyanatda bildirilib.
Bizi WhatsApp – da izləyin.