Məhkəmə binasını yandırmağa cəhd göstərən müxalifət lideri saxlanılıb – VİDEO
Koalisiya “Güclü Gürcüstan – Lelo”nun liderlərindən biri Aleksandre Elisaşvili həbs olunub. O, bu gün səhər tezdən Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhd edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq zamanı müəyyən edilib ki, cari ilin 29 noyabrında, səhər tezdən Aleksandre Elisaşvili maskalanmış halda çəkiclə Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasının xarici fasadındakı şüşəni sındırıb və binaya keçib. O, texniki avadanlıqların və sənədlərin üzərinə benzin tökərək binanı yandırmağa cəhd göstərib.
Hadisə zamanı məhkəmənin mandatur xidmətinin əməkdaşları ona yerindəcə mane olublar. Elisaşvili üzərində olan odlu silahla onlara müqavimət göstərib və fiziki xəsarət yetirib. Bununla belə, mandatur əməkdaşları onu elə hadisə yerindəcə saxlayıblar.
Qarşıdurma nəticəsində mandatur xidmətinin bir əməkdaşı xəsarət alaraq xəstəxanaya aparılıb. Saxlanılma zamanı Aleksandre Elisaşvili də müəyyən xəsarətlər alıb.
Polis cinayətin törədilməsi üçün istifadə edilən alətləri maddi sübut kimi götürüb.
Hazırda istintaq Cinayət Məcəlləsinin 19-187-ci maddəsi üzrə aparılır.
Bizi WhatsApp – da izləyin.