Marneulidə dəhşət: Həmkəndlisini soyunduraraq videosunu çəkib, pul tələb etdilər – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu, azadlığın qanunsuz məhdudlaşdırılması, şəxsi həyata dair məlumatların qanunsuz istifadəsi, qeyri-insani rəftar və intihara cəhdə çatdırma maddələri ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş üç nəfəri – 2001-ci il təvəllüdlü E.Q, 2002-ci il təvəllüdlü N.A və 2000-ci il təvəllüdlü A.M.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, 2003-cü il təvəllüdlü R.B. ötən ilin yayında həmkəndliləri A.M. və N.A. ilə birlikdə qumar oynayıb və oyundan sonra həmin şəxslər R.B.-yə onun 20 000 lari uduzduğunu və bu məbləği ödəməli olduğunu bildiriblər.

Sonradan A.M. və N.A. dostları E.Q. ilə birlikdə R.B.-dən hədə-qorxu və fiziki zor tətbiqi ilə 6 500 ABŞ dolları və 2 800 lari alıblar.

Bir müddət keçdikdən sonra təqsirləndirilən şəxslər yenidən R.B. ilə əlaqə saxlayaraq ondan 10 000 lari tələb ediblər. 28 noyabrda isə onu qanunsuz olaraq azadlıqdan məhrum edərək Marneuli bələdiyyəsinin yaşayış olmayan ərazisinə aparıblar.

Orada ona fiziki zor tətbiq edib, soyundurublar, foto və video çəkiliş ediblər və günün sonunadək pulu ödəmədiyi halda həmin foto-video materialları yaymaqla hədələyiblər. Bundan sonra R.B. intihara cəhd edib.

Keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində E.Q., N.A. və A.M. təqsirləndirilən şəxs qismində saxlanılıblar.

Cinayətlər 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq Cinayət Məcəlləsinin 144-cü maddəsinin “tertsiya” hissəsi, 115-ci, 143-cü, 157-ci “prima” və 181-ci maddələri ilə aparılır.

Bizi WhatsApp – da izləyin.