12-ci sinfin ləğvi ilə bağlı cəmiyyətdə yaranmış narahatlığa Nazirdən münasibət
Təhsil naziri Givi Mikanadze ölkədə 11 illik təhsil sistemi və 12-ci sinfin ləğvi ilə bağlı cəmiyyətdə yaranmış narahatlığa münasibət bildirib.
O, Birinci kanalın efirində çıxışı zamanı mövcud tənqidlərin “arqumentsiz və məqsədli yalan kampaniyası” olduğunu deyib.
Nazirin sözlərinə görə, 11 illik təhsil sisteminin Boloniya prosesinə zidd olması və gənclərin xaricdə bakalavriat təhsilinə getməsinə maneə yaradılması barədə iddiaların heç birinin real əsası yoxdur: “Bu ittihamlar arqumentlərlə əsaslandırılmamışdı. Guya biz gənclərin xaricə gedərək bakalavriat təhsilinə qəbulunun qarşısını alırıq. Statistika göstərir ki, bu proses cəmi bir neçə yüz nəfərə aiddir, halbuki hər il 40-41 min şagird məktəbi bitirir. Bütün bunlar spekulyativ idi və müəyyən qruplar tərəfindən məqsədli şəkildə yayılırdı”.
Nazir əlavə edib ki, Baş nazirin parlamentdə açıqladığı kimi, təhsil sistemi rəsmi olaraq 11 illik olacaq, lakin istəyən şagirdlər üçün dövlət məktəblərində 12-ci sinif açılacaq. Mikanadzenin sözlərinə görə, hər il mart ayında 12-ci sinifdə təhsilini davam etdirmək istəyən 11-ci sinif şagirdləri üçün qeydiyyat elan olunacaq. Qeydiyyat məlumatları coğrafi bölgü və müraciət edənlərin sayı əsasında təhlil ediləcək. Müraciətlərin kifayət qədər olduğu şəhər və rayonlarda dövlət məktəblərində 12-ci sinif yaradılacaq. “Şagirdlərə əlavə bir il ərzində dərinləşdirilmiş hazırlıq imkanı veriləcək və onlar tam 12 illik təhsil prosesini başa vuraraq attestat ala biləcəklər,” – deyə nazir vurğulayıb.
Bizi WhatsApp – da izləyin.