İlham Əliyev Azərbaycan tarixində ən böyük əfv aktını həyata keçirəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə tarixində ən böyük amnistiyanın elan edilməsi təşəbbüsünü irəli sürüb.
Məlumata görə əfv ümumilikdə 20 mindən çox şəxsə şamil olunacaq.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, həmçinin qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, habelə ehtiyatsızlıqdan cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Bildirilir ki, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad olunacağı gözlənilir.