DİQQƏT! Satan 5000, alan isə 1000 lari cərimələnəcək
Pirotexnika vasitələri Yeni il ərəfəsində ölkəmizdə xüsusilə aktuallaşır. Tez-tez istifadə olunur və eyni zamanda qanunsuz, lisenziyasız satış halları da kifayət qədər çoxdur. Hüquqşünas Salome Bejaşvili pirotexnika ilə bağlı mövcud tənzimləmələr və satıcıya, eləcə də alıcıya tətbiq oluna biləcək cərimələr barədə ətraflı məlumat verib:
— Yeni il canlanması yaxınlaşır və bu məsələ doğrudan da aktualdır. Vətəndaşlar pirotexnikadan kütləvi şəkildə istifadə edirlər. Yenilik ondan ibarətdir ki, cari ilin aprel ayından etibarən bu sahədə tənzimləmələr qüvvəyə minib. Daha əvvəl bu sahə tənzimlənmirdi. Bildiyiniz kimi, pirotexnikadan istifadə yüksək risk daşıyır. Məsələn, kimi nisbətən az təhlükəli vasitələr mövcuddur.
Lakin elə pirotexniki vasitələr də var ki, düzgün istifadə edilmədikdə çox ağır nəticələrə səbəb ola bilər. Tez-tez vətəndaşlar sağlamlıqlarına zərər yetirir, yanıq xəsarətləri alırlar. Qanunun qəbul edilməsinin əsas məqsədlərindən biri vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasıdır. Bu təkcə insanlar üçün deyil, eyni zamanda heyvanlar və quşlar üçün də keçərlidir. Ətraf mühitə təsir amili də olduqca önəmlidir.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, pirotexnikanın istehsalı və satışı lisenziyaya tabe edilib. Bu, əvvəl mövcud deyildi. Həmçinin idxal və ixrac da müvafiq icazə əsasında həyata keçirilir. Faktiki olaraq, bu sahə tam şəkildə tənzimlənib. Bu isə o deməkdir ki, pirotexnika satmaq və bu sahədə fəaliyyət göstərmək istəyən hər bir şəxs əvvəlcə müvafiq lisenziya əldə etməlidir. Lisenziyanı Dövlət Ehtiyatları və Mülki Təhlükəsizlik Xidmətləri Agentliyi verir və yalnız müəyyən standartlara, eləcə də tələblərə cavab verən şəxslərə təqdim olunur.
Bu tənzimləmələr qapalı məkanlarda istifadə edilə bilən yüngül pirotexniki vasitələrə şamil edilmir. Burada məhsulun üzərindəki işarələmə böyük əhəmiyyət daşıyır. Yeni standartlara görə, satıcı bütün pirotexniki məhsulları müvafiq şəkildə nişanlamalıdır ki, onların harada və hansı şəraitdə istifadə oluna biləcəyi aydın olsun. Əgər məhsulun qapalı məkanda istifadəsi mümkündürsə və təsiri azdırsa, bunun üçün lisenziya tələb olunmur.
Bu qaydalar hərbi və dövlət məqsədləri üçün istifadə edilən, eləcə də kənd təsərrüfatında tətbiq olunan (məsələn, doluya qarşı vasitələr) pirotexniki maddələrə şamil edilmir.
Qeyd edək ki, bu tənzimləmələr qüvvəyə mindikdən sonra ilk Yeni il qeyd olunur. Lisenziyası olan satıcı yalnız istifadə hüququ və sertifikatı olan şəxslərə pirotexniki məhsul sata bilər. Sertifikatlaşdırma müvafiq qurumlar tərəfindən aparılır və tələblər olduqca sərtdir. Bunlara məhkumluq haqqında arayış, Forma 100, şəxsin alkoqol və narkotik asılılığının olmaması və digər meyarlar daxildir. Bu tələblərin sərt olmasının səbəbi düzgün istifadə edilmədikdə riskin yüksək olmasıdır.
Gəlirlər Xidmətinin rəsmi internet səhifəsində hər kəs lisenziyalı satıcıları yoxlaya bilər. Hazırda cəmi 10–12 lisenziyalı satıcı qeydiyyatdan keçib.
Əgər şəxs lisenziya əldə etməyibsə, Yeni il ərəfəsində bu məhsulları satmaqda çətinlik çəkəcək, çünki lisenziyanın alınması adi qaydada 20 gün, sürətləndirilmiş qaydada isə 10 gün çəkir.
Lisenziya olmadan pirotexnika istehsal edən və ya satan hər bir şəxs 5 min lari məbləğindən başlayan cərimə ilə üzləşəcək. Lisenziya olsa belə, şərtlərin pozulması ilk dəfə 2 min lari cərimə ilə nəticələnir, təkrar hallarda isə cərimə üçqat artırılır.
Alıcı da sertifikatı və istifadə hüququ olmadığı halda cərimələnə bilər. Cərimə 1000 lari məbləğindən başlayır, təkrarlandıqda isə ikiqat artırılır.
Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, pirotexnikanı yalnız lisenziyalı satıcılardan alsınlar, məhsul üzərindəki işarələmələrə diqqət yetirsinlər — məsələn, hansı məsafədə və hansı şəraitdə istifadə olunmalıdır. Eyni zamanda, ətrafdakı insanların təhlükəsizliyi də mütləq nəzərə alınmalıdır.
Bizi WhatsApp – da izləyin.