“İlin nominasiyaları” üzrə mükafatların təqdimetmə mərasimi keçirilib – FOTO

“Lider Media” təşkilatı və 24News.ge xəbər portalının Gürcüstan azərbaycanlıları arasında təsis etdiyi “İlin nominasiyaları” üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, bələdiyyə üzvləri, jurnalistlər, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər. Mükafat on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə təqdim olunub.

Tədbirə ev sahibliyi edən “Lider Media”təşkilatının və 24News.ge xəbər portalının təsisçisi Azər Məmmədov ilk öncə qonaqları salamlayaraq qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib və 2025-ci ilin azərbaycan xalqı üçün mühüm il olduğunu qeyd edərək növbəti ilin də uğurlu olmasını arzu edib.

A. Məmmədov çıxışında artıq üç ildir ki, təsis edilən ilin mükafatı nominasiyası barədə qonaqlara məlumat verib və bildirib ki, il ərzində media öz müşahidələrini aparıb və Gürcüstan azərbaycanlıları arasında öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə sözügedən nominasiyaların təqdim edilməsi qərarı alınıb. O qeyd edib ki, bütün sahələr üzrə aktiv icma üzvlərimiz olsa da lakin mükafata gürcü cəmiyyəti arasında, mərkəzi medialarda və həmçinin beynəlxalq tədbirlərdə Gürcüstan azərbaycanlılarını təmsil edən şəxslər layiq görülüb. O, bu mükafatın təsis edilməsində əsas məqsədin icmamız arasında daha da aktivliyin təşviq edilməsinin olduğunu qeyd edib. A. Məmmədov sözügedən mükafatın hər il bir ənənə olaraq dekabr ayının sonunda təqdim ediləcəyini qonaqların diqqətinə çatdırıb.

Tədbirin davamında çıxış edən digər qonaqlar da bu kimi nominasiyanın Gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyasında və öz sahələri üzrə aktiv fəaliyyətlər göstərməsində bir stimul olacağını qeyd ediblər.

Sonra on nominasiya üzrə Gürcüstan azərbaycanlıları arasında il ərzində öz fəaliyyətləri ilə aktiv şəkildə seçilən şəxslərə mükafatlar təqdim olunub.

Bizi WhatsApp – da izləyin.