DİQQƏT! 2000 lari cərimələnə və ya həbs edilə bilərsiz

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri iynəyarpaqlı bitkilərin kəsilməsi və daşınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

Milli Meşə Agentliyi əhaliyə müraciət edərək təbii sərvətləri məhv etməməyə və süni yolka ağaclarından istifadə etməyə çağırır.

“İynəyarpaqlı ağacların qanunsuz kəsilməsi, daşınması və satışı qaydalarının pozulmasına görə cərimə ilk dəfə 2000 lari təşkil edir, təkrar hal baş verdikdə isə cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, ətraf mühitə vurulan zərər hesablanır. Əgər vurulan zərərin məbləği 1000 larini aşarsa, şəxs barəsində cinayət işi başlanır – cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Qanunsuz şəkildə böyük həcmdə iynəyarpaqlı ağacların kəsilməsi zamanı ətraf mühitə vurulan zərər 3000 larini aşarsa, cəza 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Aşkar edilən hər bir hüquq pozuntusu üzrə qanunvericiliklə müəyyən edilmiş sanksiyalar tətbiq ediləcək”, – deyə Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadze bildirib.

İynəyarpaqlı ağac və bitkilərin qanuni şəkildə əldə edilməsi tingliklərdə, plantasiyalarda, həyətyanı sahələrdə, eləcə də idxal yolu ilə mümkündür. Qanuni yolla əldə olunmuş ağac və bitkilərin satışı zamanı satıcı həmin bitkilərin qanuni mülkiyyətini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Əgər iynəyarpaqlı bitki şəxsi mülkiyyətdə olan torpaq sahəsindən və ya süni şəkildə salınmış tinglikdən əldə edilibsə, bitkilərin daşınması üçün onların mənşəyini təsdiq edən arayış mütləqdir; bu arayış yerli bələdiyyənin meriyası tərəfindən verilir.

Bizi WhatsApp – da izləyin.