Tbilisidə dəhşətli qəzada ölən taksi sürücüsü və sərnişinin kimliyi bəlli olub

Tbilisidə baş verən dəhşətli yol qəzasında iki nəfər həlak olub. Mövcud məlumata görə, əvvəlcə iki avtomobil bir-biri ilə toqquşub, daha sonra isə avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək dirəyə çırpılıb.

Məlumata əsasən, həlak olanlar Tamar Kvaçadze (Germanishvili) və İaqo Engibarianidir.

“Böyük bir faciə baş verdi, bizim Tamar artıq yoxdur. O, yenicə ailə qurmuşdu, əslən Telavidəndir. Yeni il üçün Telaviyə gəlmişdi. Dünən dedi ki, işə getməliyəm və Tbilisiyə yola düşdü. Taksi ilə gedərkən bu faciə baş verdi. Faktiki olaraq evinə çatmaq üzrə idi ki, avtomobil dirəyə çırpıldı. İkinci həlak olan şəxs isə taksi sürücüsüdür”, – deyə Tamar Kvaçadzenin yaxınları bildiriblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Bu maddə nəqliyyat vasitələrinin hərəkəti və ya istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.