Tbilisi Hava Limanında saxlanılan Almaniya vətəndaşı barədə Məhkəmə qərar qəbul edib – VİDEO

Daxili İşlər Nazirliyinin Miqrasiya və Patrul Polisi departamentlərinin əməkdaşları tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində Almaniya Federativ Respublikasının vətəndaşı, 1998-ci il təvəllüdlü B.M. saxlanılaraq Gürcüstandan deportasiya edilib.

Cari ilin 7 yanvar tarixində sözügedən şəxs Tbilisi Beynəlxalq Hava Limanında olarkən aqressiv davranıb, ictimai asayişi kobud şəkildə pozub və onu ictimai qaydalara riayət etməyə çağıran Patrul Polisi Departamentinin əməkdaşlarını şifahi şəkildə təhqir edib. Nəticədə B.M. inzibati qaydada saxlanılıb.

Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Almaniya Federativ Respublikasının vətəndaşı İnzibati Xətalar Məcəlləsinin 173-cü və 166-cı maddələri üzrə hüquqpozucu şəxs kimi tanınıb. Ona inzibati tənbeh tədbiri olaraq 4000 lari məbləğində cərimə, həmçinin ölkədən çıxarılma və Gürcüstana girişin 3 il müddətinə qadağan edilməsi tətbiq edilib.

Məhkəmə qərarı əsasında Miqrasiya Departamentinin əməkdaşları tərəfindən B.M. Tbilisi Beynəlxalq Hava Limanına qədər müşayiət olunub və onun ölkədən deportasiya olunması həyata keçirilib.

Qeyd edək ki, “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, Gürcüstanda həm qeyri-qanuni, həm də qanuni əsaslarla olan xarici vətəndaşların ölkədən çıxarılması mexanizmləri təkmilləşdirilib və müvafiq hüquqi əsaslar mövcud olduğu halda onların deportasiyası üçün hüquqi zəmin yaradılıb.

Bizi WhatsApp – da izləyin.