İki azyaşlı arasında münaqişə: DTX-də işləyən dayısı xəstəxanalıq olub, digərinin babası dünyasını dəyişib
Ozurgetidə baş verən fiziki insident iki azyaşlı arasında bir gün əvvəl yaşanmış münaqişənin davamı olub. Hadisə zamanı azyaşlılardan birinin dayısı — Dövlət Təhlükəsizliyi Xidmətinin Analitik Departamentində çalışan şəxs — baş nahiyəsindən xəsarət alıb. Onun azyaşlı bacısı oğlu da müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunub.
Məlumata görə, iş üzrə dindirilmiş şahidlərin ifadələri və videomüşahidə kameralarının müxtəlif rakurslardan olan qeydləri təsdiqləyir ki, zərərçəkən şəxs üz nahiyəsinə zərbə aldıqdan sonra baş verən fiziki qarşıdurma zamanı özünü müdafiə məqsədilə üzərində olan odlu silahı çıxarıb. Lakin ona bir neçə nəfər tərəfindən hücum davam etməsinə baxmayaraq, silahdan istifadə etməyib. Odlu silah insidentdə iştirak edən qarşı tərəfin nümayəndəsi — digər azyaşlının əmisi tərəfindən onun əlindən alınıb və daha sonra həmin şəxs silahı könüllü şəkildə istintaqa təqdim edib.
İnsidentdən bir neçə saat sonra qarşıdurmada iştirak etmiş digər azyaşlının babası yaşadığı evdə halı pisləşdiyi üçün xəstəxanaya aparılarkən ürək tutmasından dünyasını dəyişib.
Hadisə ilə bağlı hazırda intensiv istintaq tədbirləri həyata keçirilir. İnsident iştirakçıları dindirilib, videoyazılar götürülüb, müvafiq ekspertizalar təyin edilib.
Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, istintaq yekunlaşana qədər Analitik Departamentin əməkdaşı tutduğu vəzifədən azad edilərək kadrlar departamentinin sərəncamına verilib.
İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizi WhatsApp – da izləyin.