Qardabanidə mebel mağazasında 17 bıçaq zərbəsilə öldürülən qadınla əri arasında mübahisə buna görə başlayıb

Qardabanidə ötən gün baş vermiş hadisə ilə bağlı yeni detallar bəlli olub.

Gənc qadın həyat yoldaşı tərəfindən mebel mağazalarından birində xüsusi amansızlıqla qətlə yetirilib.

Mövcud məlumata görə, ər-arvad arasında mağazada mübahisə yaranıb. Mübahisə zamanı kişi cibindən bıçaq çıxararaq həyat yoldaşına çoxsaylı bədən xəsarətləri yetirib. Qadın aldığı bıçaq yaralarından hadisə yerində həyatını itirib. Cinayətdə şübhəli bilinən Polad Əliyev saxlanılıb.

Mənbələrin bildirdiyinə görə, mübahisə əvvəlcə mebelin rəngi ilə bağlı başlayıb. Qadının ərindən ayrılmaq və evi öz istədiyi kimi qurmaq niyyətini bildirməsi münaqişəni daha da kəskinləşdirib. Nəticədə kişi qadına çoxsaylı bıçaq zərbələri endirib.

Qətlə yetirilən şəxs 25 yaşlı Mariam Gaxokidzedir. Onun yaxınlarının sözlərinə görə, mərhum uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Qonşular da ərinin ona qarşı tez-tez fiziki zorakılıq göstərdiyini bildiriblər.

Yaxınlarının verdiyi məlumata əsasən, Mariam çətin həyat yolu keçib. Uşaqlıq illərində də zorakılıqla üzləşib. Daha sonra ailə qurduğu şəxs ondan yaşca xeyli böyük olub və bu, həmin kişinin ikinci evliliyi imiş. İlk dövrlərdə ailə münasibətləri normal görünsə də, sonradan ərinin qısqanclığı və aqressiv davranışları artıb.

Mərhum dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Polis vəziyyətdən xəbərdar olsa da, verilmiş qoruyucu orderlər zorakılığın qarşısını almağa yetərli olmayıb.

Hadisə günü ər-arvadın birlikdə alış-veriş etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Məlumata görə, kişi mağazada həyat yoldaşı ilə qarşılaşıb, barışmaq istəyib, lakin qadın buna razı olmayıb. Mübahisə bundan sonra başlayıb. Kişi qadını mağazanın anbar hissəsinə apararaq ona 17 bıçaq zərbəsi endirib. Daha sonra o, polisə könüllü şəkildə təslim olub.

Hadisə insanların gözü qarşısında baş versə də, heç kimin müdaxilə etmədiyi bildirilir. Bunun səbəbi kimi şübhəlinin aqressiv davranışı və psixoloji durumu göstərilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 109-cu maddəsinin “k” bəndi ilə aparılır. Bu maddə ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayəti etiraf edib.

Mənbə: ambebi.ge