Parlament qrantlarla bağlı dəyişiklikləri qəbul edib…
Parlament qrantların alınması və siyasi fəaliyyətlə bağlı qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərini üçüncü oxunuşda qəbul edib.
Səsvermənin nəticələrinə görə, layihəni 78 deputat dəstəkləyib, 9 nəfər isə əleyhinə səs verib.
Dəyişikliklər “Qrantlar haqqında” qanuna, “Cinayət Məcəlləsi”nə, “İnzibati Prosessual Məcəllə”yə, “İnzibati Xətalar Məcəllə”sinə, “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və “Dövlət Audit Xidməti haqqında” qanuna edilib.
Qəbul olunmuş dəyişikliklərə əsasən, “qrant” anlayışı genişləndirilib. Yeni qanuna görə, Gürcüstan hakimiyyətinə, dövlət qurumlarına və ya cəmiyyətin istənilən hissəsinə təsir göstərmək niyyəti ilə, eləcə də ölkənin daxili və ya xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönələn fəaliyyət üçün ayrılan vəsait qrant hesab olunacaq. Xarici dövlətin və ya xarici siyasi partiyanın maraqlarından irəli gələn fəaliyyət üçün verilən maliyyə də bu kateqoriyaya daxil ediləcək.
Xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər qrant almamışdan əvvəl hökumətdən razılıq almalı olacaqlar. Qanun qüvvəyə minməzdən əvvəl qrant almış şəxslərə isə hökumətə müraciət etmək üçün bir aylıq müddət veriləcək. Hökumət də müraciətə bir ay ərzində cavab verməlidir.
“Cinayət Məcəlləsi”nə edilən dəyişikliklərə görə, qrantla bağlı qaydaların pozulması cinayət məsuliyyəti yaradacaq. Bu hal cərimə, 300-dən 500 saata qədər ictimai işlər və ya 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bundan başqa, siyasi məqsədlərlə çirkli pulların yuyulması ağırlaşdırıcı hal kimi qiymətləndiriləcək və 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Xarici maliyyə qəbul edən siyasi partiya rəhbərləri də cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Yeni dəyişikliklərə əsasən, xarici lobbiçilik də cinayət məsuliyyəti yaradan əməl kimi müəyyən edilib. Gürcüstanla bağlı siyasi fəaliyyət müqabilində pul və ya digər üstünlüklərin verilməsi 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Eyni zamanda, Konstitusiya quruluşunun və ya konstitusion orqanların qeyri-legitimliyinin təşviqi ağırlaşdırıcı hal sayılacaq. “Konstitusiya quruluşuna qarşı ekstremizm” adlı yeni maddəyə əsasən, hakimiyyət orqanlarına kütləvi itaətsizliyə çağırış, alternativ orqanların yaradılması və konstitusion quruluşun qeyri-legitimliyi barədə təsəvvür formalaşdırmağa yönəlmiş sistemli fəaliyyət 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hüquqi şəxslər üçün isə cərimə və ya ləğvetmə nəzərdə tutulur.
Sahibkarlıq subyektlərinin əsas fəaliyyətinə aid olmayan ictimai siyasi aktivliyi 20 min lari məbləğində inzibati cərimə ilə nəticələnəcək. Təkrar hal baş verdikdə isə cinayət məsuliyyəti tətbiq ediləcək.
Həmçinin, il ərzində gəlirinin 20 faizindən çoxunu xarici mənbədən alan təşkilatda çalışan şəxslərə 8 il müddətində siyasi partiyaya üzv olmaq qadağan ediləcək. Qeyd edək ki, qanunvericilik təşəbbüsü “Gürcü Arzusu” fraksiyası tərəfindən hazırlanıb.
Bizi WhatsApp – da izləyin.