Minlərlə inansın toplaşdığı Sameba kisləsində partlayış törədiləcəyi ilə bağlı anonim zəng edilib – saxlanılan var
Martın 22-də Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinə terror aktları ilə bağlı iki anonim zəng daxil olub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, zəng edən şəxs Tbilisidəki Müqəddəs Üçlük Kafedral kilsəsinin ətrafında olduğunu, odlu silahla silahlandığını və ərazini minaladığını iddia edib. O, 20 dəqiqə ərzində evakuasiya aparılmayacağı təqdirdə partlayış törədəcəyini bildirib.
Qurumun açıqlamasına əsasən, aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dünən axşam saatlarında cinayətdə şübhəli bilinən azyaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Bildirilir ki, istintaq zamanı bir neçə mobil telefon, noutbuk və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, azyaşlı törətdiyi əməli etiraf edib.
Faktla bağlı ona Cinayət Məcəlləsinin 331-ci maddəsi (terror aktı barədə yalan məlumat vermə) ilə ittiham irəli sürüləcək. Bu maddə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qurum bəyan edib ki, bu cür cinayətlərin qarşısının alınması və aşkarlanması üçün müasir texniki imkanlara malikdir və oxşar hallara qarşı ciddi hüquqi tədbirlər görüləcək.
Bizi WhatsApp – da izləyin.