14 ildən sonra gerçəkləşən arzu: Səməd Vurğunun “Pobeda”sı bərpa olunub – VİDEO
Azərbaycanın Xalq şairi Səməd Vurğunun illər sonra Azərbaycana qayıdan “Pobeda”sı bərpa olunub.
Avtomobilin Azərbaycana aparılması və bərpası işlərində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev yaxından iştirak edib.
1975-ci ildən etibarən təxminən 46 il qarajda qalan bu avtomobil illər sonra yenidən gündəmə gəlib. Səməd Vurğunun xatirəsini yaşatmaq məqsədilə avtomobilin bərpası istiqamətində işlər görülüb və nəticədə “Pobeda” yenidən öz əvvəlki görkəminə qaytarılıb.
Bu prosesdə Qazax Xeyriyyə İctimai Birliyinin təşəbbüsü xüsusi rol oynayıb. Bildirilir ki, avtomobilin bərpası Səməd Vurğunun 120 illik yubileyi ərəfəsində həyata keçirilib. Məqsəd böyük şairin xatirəsinə hörmət göstərmək, onunla bağlı tarixi əşyaları qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Məlumata görə, uzun müddət qorunub saxlanılan “Pobeda” üzərində aparılan bərpa işlərindən sonra avtomobil yenidən nümayiş üçün hazır vəziyyətə gətirilib.
Səməd Vurğunun illər sonra “Vətənə qayıdan” “Pobeda”sının Qazaxda yaradılan mərkəzə təhvil verilməsi nəzərdə tutulur. Bu avtomobil gələcəkdə həm şairin xatirəsini yaşadan eksponat, həm də ziyarətçilər üçün maraqlı tarixi nümunə kimi təqdim olunacaq.
Onu da bildirək ki, avtomobili bu illər ərzində müxtəlif şəxslər almaq istəsələr də Səməd Vurğunun doğma xalası oğlunun ailəsi buna razı olmayıb. Onların da arzusu dövlət nəzarətində avtomobilin bərpa edilərək, eksponat olaraq saxlanılması idi.
Aşağıda 14 il öncə jurnalist Nadir Almazoğlunun “Pobeda”nın saxlanıldığı Marneuli bələdiyyəsinin Sadaxlı kəndində Bayramovlar ailəsindən hazırladığı video reportajı və avtobilin hazırkı vəziyyətini əks etdirən Azərbaycan mətbuatında yayımlanan videosüjeti təqdim edirik:
Bizi WhatsApp – da izləyin.