Hikmət Rahmetov: BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi Orta Dəhlizin inkişafında çox mühüm hadisədir
“Hesab edirəm ki, bugünkü tədbir Orta Dəhlizin inkişafında əsas və çox vacib bir mərhələdir. Azərbaycan, Gürcüstan və Türkiyənin səyləri sayəsində Şərqdən gələn yüklər ən sürətli və etibarlı marşrutla Qərbə çatacaq. Buraya konteyner və dəmir yolu vaqonları daşımaları, eləcə də maye yüklərin çatdırılması daxildir”.
Bu sözləri “Özbəkistan Dəmir Yolları” SC sədrinin birinci müavini Hikmət Rahmetov deyib.
O əlavə edib ki, hazırda Özbəkistan da Orta Dəhlizin iştirakçısıdır, bu marşrutla çox miqdarda yük daşıyır: “Bu hadisə ölkələrimiz arasında yük dövriyyəsinin artmasını sürətləndirəcək. Özbəkistanın ixrac və idxal yüklərini bu marşrutla daşıya biləcəyik. Yəni, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa marşrutu işlək olacaq. Biz, həmçinin Özbəkistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa marşrutlarından istifadə edirik”.
H. Rahmetovun sözlərinə görə, istifadəyə verilən dəmir yolu xətti özbək sahibkarları üçün vacib sahədir: “Ölkələrimizin liderləri dəfələrlə bu marşrutun genişləndirilməsi və rəqəmsal inteqrasiyası barədə müzakirələr aparıblar. Bu, yükdaşıma xərclərini azaldacaq. Beş milyon ton böyük həcmdir. Bu gün Axalkalaki şəhərində tikilmiş infrastruktura baxdım. Bu layihəyə böyük investisiyaların və insan resurslarının cəlb olunduğu aydındır”.
Özbəkistanın hazırda Qırğızıstan və Çin ilə birlikdə yeni dəhliz inşa edən ölkə olduğunu diqqətə çatdıran H. Rahmetov qeyd edib ki, həmin marşrut daha sonra Orta Dəhlizə qədər uzanacaq: “Ümid edirik ki, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhlizi dəstəkləyəcək. Hamımız başa düşürük ki, dəmir yolu nəqliyyatı həyat damarıdır, həm iqtisadi, həm də sosial inkişafın əsas amillərindən biridir. Müxtəlif istiqamətlərə yönələn yeni dəmir yolu sahəsi istifadəyə verilir. Bu münasibətlə Azərbaycanı təbrik etmək istərdik”.
Bizi WhatsApp – da izləyin.