Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə ümummilli lider Heydər Əliyevin büstünün zədələnməsi faktı ilə bağlı Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə məlumatı ictimai vəkil Teona Peradze təsdiqləyib.

Bildirilib ki, hadisə sentyabrın 21-də səhər saatlarında baş verib. Faktla bağlı Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev də açıqlama verərək qeyd edib ki, şübhəli şəxs artıq saxlanılıb və aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual hərəkətlər davam etdirilir.

Səfir əlavə edib ki, bəzi şəxslər məsələ ətrafında əsassız spekulyasiyalar yayır və ictimaiyyəti rəsmi istintaqın nəticələrini gözləməyə çağırıb.

Daxili İşlər Nazirliyi də təsdiqləyib ki, faktla bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Araşdırma Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə aparılır ki, bu da özgənin əmlakına ziyan vurulmasını nəzərdə tutur. Həmin maddə cərimə, ictimai işlər, ev dustaqlığı və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məlumata görə, büstün üz hissəsi zədələnib. Hazırda hadisənin motivi məlum deyil.

İctimai vəkilin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və o, hazırda susmaq hüququndan istifadə edir. Bildirilib ki, o, Gürcüstanla sıx əlaqədə olmayıb və ölkəyə turist kimi gəlib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə növbəti məhkəmə iclasının noyabrın 12-də keçirilməsi planlaşdırılır.

Faktla bağlı əlavə detallar istintaqın gedişində açıqlanacaq.