Tbilisidə tanışının avtomobilini oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş şəxsi saxlayıblar.

Nazirliyin məlumatına görə, saxlanılan şəxs Tbilisidə tanışına məxsus avtomobilin açarlarını və pul kisəsini gizli şəkildə ələ keçirib. Daha sonra o, avtomobili dayanacaqdan qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşıb.

İstintaqın məlumatına əsasən, şübhəli şəxs oğurladığı avtomobillə qısa müddət sonra yol-nəqliyyat hadisəsi törədib. O, avtomobili hadisə yerində qoyaraq ərazidən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi saxlayıblar.

Oğurlandığı bildirilən avtomobil və pul kisəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır. Sözügedən maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.