Rustavidə üç uşaqlı ailə evdən çıxarılma təhlükəsi ilə üzləşib

Rustavidə üç uşağı ilə yaşayan tək ana 2015-ci ildə götürülmüş kreditlə bağlı mənzilindən çıxarılma təhlükəsi ilə üzləşib.

Meskhişvili küçəsində yerləşən mənzil hərrac yolu ilə satılıb. Yeni sahib isə evin boşaldılmasını tələb edir.

Əraziyə İcra Polisi əməkdaşları səfərbər olunub. İşsiz olan qadın bildirib ki, gedəcək başqa yeri yoxdur və mənzili tərk etmək niyyətində deyil.

“Bu iş 2015-ci ildən davam edir. Qayınanam və həyat yoldaşım mənzili banka girov qoyublar. Mən isə bundan həqiqətən xəbərsiz idim. Üç uşağı olan tək anayam. Oğlumun 14 yaşı var. Məni belə amansız şəkildə küçəyə atırlar. Həqiqətən, gedəcək heç bir yerim yoxdur. Evdən çıxmayacağam, orada ölməli olsam belə, öləcəyəm”, – deyə Eka Maqalaşvili bildirib.

Tək ana mənzili yeni sahibindən geri almaq üçün ona vaxt və müəyyən şərtlər verilməsini istəyir. Hazırda tərəflər arasında bununla bağlı danışıqlar aparılır.

Məlumata görə, razılıq əldə olunmasa, İcra Bürosunun əməkdaşları ailənin mənzildən çıxarılmasını həyata keçirməli olacaq.

Bizi WhatsApp – da izləyin.