Tbilisidə ustad aşıq Kamandar Əfəndiyevin 90 illik yubileyi qeyd olunub

Tbilisidə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq məktəbinin yetirməsi olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirin aparıcısı professor Mahmud Hacıxəlilov aşıq Kamandarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus, bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.

Sonra böyük ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxda ustad aşığın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşündən olan fraqmentlər və Ulu Öndərin onun haqqında söylədiyi fikirlər alqışlarla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək aşıq Kamandar yaradıcılığının ayrı-ayrı hissələrinə nəzər salıb, onun yaradıcılığında vətənə, xalqa, millətə sevginin onun yaradıcılığının əsas süjet xəttini təşkil etdiyini vurğulayıb.

Diplomat deyib ki, aşıq Kamandarın yaradıcılığındakı vətənpərvərlik hissi bu gün də dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.

Türkiyə səfirliyinin məsul əməkdaşı Onur Sevim, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və başqaları çıxış edərək aşıq Kamandar yaradıcılığından söz açıb, fikirlərini bölüşüblər.

Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev isə ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Tədbir aşıqların ifaları ilə başa çatıb.