Dilarə Əfəndiyeva: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır! – MÜSAHİBƏ

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda Azərbaycanlı QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva RealNews-a verdiyi müsahibəsində Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı məlumat verib. D.Əfəndiyeva akisyanın keçirilmə səbəbindən də danışıb:

“Qızılbulaq və Dəmirli yataqları qanunsuz olaraq ermənilər tərəfindən istismar olunur. Bu Azərbaycan dövlətinə bir çox sahələrdə zərər vurur. Bunlardan biri iqtisadi zərərərdir. Belə ki, Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqları Azərbaycana məxsusdur və Azərbaycan xalqınındır. Ermənilər qanunsuz olaraq Azərbaycan xalqına məxsus mədənləri istismar edirlər. Bizi əsas narahat edən məsələ isə ermənilər tərəfindən bu yataqların istismarı zamanı təbiətimizə vurulan böyük zərərdir. Xəbərimiz var ki, həmin mədənlərdə ermənilər tərəfindən olduqca ağır kimyəvi tərkibə malik maddələrdən istifadə edilir və onların utilizasiyası lazımi şəraitdə aparılmır.” – deyə D.Əfəndiyeva bildirib.

Aksiyanın başlanğıc xarakteri daşıdığını deyən mərkəz rəhbəri, onlara qoşulmaq istəyənlərin sayının olduqca çox olduğunu diqqətə çatdırıb.

“Aksiyada çoxlu sayda vətəndaş cəmiyyətinin nümayəndələri, ekoloqlar, alimlər, tələbələr, eləcə də adi vətəndaşlar iştirak edirlər. Bizlərə qoşulmaq istəyənlər tərəfindən daha çox müraciətlər də gəlməkdədir. Çünki, ermənilərin torpaqlarımızda törətdiyi ekoloji vəhşilik hər bir Azərbaycanlını narahat edir və aksiyamız ermənilərin ərazilərimizdə törətdikləri ekoloji terrora son qoyulanadək davam edəcək. Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” – deyə D.Əfəndiyeva qeyd edib.

Məlumat üçün onu da bildirək ki, aksiya hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!” şüarları ilə davam edir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.