Türkiyədə yanvar ayından turistlərdən 2% yaşama vergisi alınacaq
Türkiyədə yanvarın 1-dən etibarən hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, mehmanxanalarda, düşərgələrdə və digər yaşama obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək.
Bu barədə “Resmi gazete” məlumat yayıb.
Bununla belə, bu, hotellərin göstərdiyi xidmətlərin qiymətinə təsir etməyəcək.
Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.
Xatırladaq ki, bu qərar hələ 2019-cu ildə qəbul edilsə də, onun tətbiqi koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, bu il ərzində ölkəyə 51,5 milyon turistin gələcəyi, turizmdən əldə olunan gəlirin 46 milyard dollar təşkil edəcəyi gözlənilir. Gələn il isə Türkiyə 60 milyon turist qəbul etməyə ümidlidir.