Bu gün Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında yaşıl enerji ilə bağlı saziş imzalanacaq
Bu gün “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanacaq.
İmzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestin Kotroçeni sarayında keçiriləcək.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bununla bağlı keçiriləcək plenar iclasda iştirak edəcəklər.
Rumıniya Prezidentinin Ofisinin yaydığı məlumata görə, saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.