Gürcüstan vətəndaşlarının müqaviləli hərbi xidmətə qeydiyyatı davam edir
Gürcüstan Müdafiə Nazirliyi 18-35 yaş arası Gürcüstan vətəndaşlarını müqaviləli hərbi xidmətə dəvət edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müqavilə ilə xidmət keçmək istəyən vətəndaş qeydiyyatdan, eləcə də tibbi müayinədən keçməli və iki aylıq ilkin döyüş hazırlığı kursundan keçməlidir.
Qeyd edilib ki, kurs zamanı əmək haqqı ayda 500 laridir.
Qurumun yaydığı məlumatda qeyd olunduğu kimi, vətəndaşlar ilkin döyüş hazırlığı kursuna qəbul olunduğu gündən yemək, hərbi geyim (sahə texnikası), yaşayış yeri, yüksək səviyyəli tibbi xidmətlə, sosial-hüquqi təminatlarla təmin olunurlar. Yerləşdirmə zamanı mümkün qədər yaşayış yerinə əsaslanan ərazi prinsipi nəzərə alınır.
“Gürcüstanın Müdafiə Nazirliyi həmçinin 18-45 yaş arası Gürcüstan vətəndaşlarını müxtəlif ixtisaslara – sürücülər (xüsusi avadanlıqlar daxil olmaqla), maddi-texniki təminat üzrə mütəxəssislər, rabitə mütəxəssisləri, tibb sahəsinin nümayəndələri, mühəndislik və kimya mütəxəssislərini, eləcə də aviasiya və hava müdafiə qüvvələrinin mütəxəssislərini 4 illik müqavilə bağlamağa dəvət edir. Qeyd olunan ixtisaslara təyin olunacaq şəxslər qısamüddətli ilkin döyüş hazırlığı kursundan keçərək ixtisaslarına uyğun olaraq hərbi xidmətini hissələrdə davam etdirəcəklər.
Onu da bildirək ki, başlanğıc maaş 1530 laridir. Maaş rütbəsinə, vəzifəsinə və hərbi xidmətə görə artırılır. Birinci müqavilənin müddəti başa çatdıqdan sonra birdəfəlik əlavə 5000 lari, 2 illik müqavilənin sonunda 3000 lari, 4 illik müqavilə üçün isə 8000 lari birdəfəlik əlavə vəsait təqdim ediləcək.
Həmçinin, müqavilə ilə hərbi qulluqçular həm dövlət, həm də biznes sektorunda güzəşt və imtiyazlardan istifadə edəcəklər.
Müdafiə Nazirliyi hərbçilər və onların ailə üzvləri (həyat yoldaşı, uşaqları) üçün Gürcüstanda qeydiyyatda olan ali təhsil müəssisələrində təhsilin birgə maliyyələşdirilməsini təklif edir. Eyni zamanda, akkreditə olunmuş bakalavr və magistratura təhsil proqramlarında təhsil alarkən yüksək akademik göstəricilərə görə hər semestr üçün 750 lari nazir təqaüdü verilir.
Qeyd edək ki, hərbi qulluqçular, istər çavuş, istərsə də zabit rütbəsi üzrə peşəkar və karyera yüksəlişi imkanı əldə edəcəklər. Həmçinin, agentlik onlara xarici dilləri (ingilis, alman, fransız, türk və rus) öyrənməyi və xaricdə (Avropa, Kanada və Amerika Birləşmiş Ştatlarında) karyera kurslarında iştirak etməyi təklif edir.
Müqavilə ilə xidmətə başladıqdan sonra hərbi qulluqçular əlavə peşəyə yiyələnmək imkanı da əldə edəcəklər.
Qeydiyyat onlayn rejimdə qeyd edilən saytda aparılır: http://mod.gov.ge/onlinebct.mod.gov.ge,
Qeydiyyatdan keçmək istəyənlər Ədliyyə evlərinə və icma mərkəzlərinə də müraciət edə bilərlər.
Ətraflı məlumat üçün: 032 2 79 02 00; 032 2 75 26 44; 595 05 06 73; 595 06 03 44